5809/08-judgments-chamber-2013-11-26-15
CASE OF AL-DULIMI AND MONTANA MANAGEMENT INC. v. SWITZERLAND - [Azerbaijani Translation] summary by EU/COE ‘Programmatic Cooperation Framework’ (PCF)
26 novembre 2013Italien (+ 3 autres langues)6 min
Məhkəmə nəzarəti olmadan BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında ərizəçilərə sanksiyaların təyin olunması: pozuntu baş verib
Source coe.int
Əl-Dulimi (Al-Dulimi) və "Montana Menecment İnk." (Montana Management Inc.) İsveçrəyə qarşı – ərizə № 5809/08
Fatti
26.11.2013 tarixli qərar [II Bölmə]
Maddə 6
Mülki proses
6-cı maddənin 1-ci bəndi
Məhkəməyə müraciət etmək hüququ
Məhkəmə nəzarəti olmadan BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsi əsasında ərizəçilərə sanksiyaların təyin olunması: pozuntu baş verib
Considerandi
[Bu iş 14 aprel 2014-cü ildə Böyük Palatanın icraatına verilib]
Faktlar – Birinci ərizəçi İordaniyada yaşayan İraq vətəndaşıdır və Panama qanunvericiliyinə əsasən hüquqi şəxs kimi qeydiyyata alınan və Panamada yerləşən şirkətin (ikinci ərizəçinin) sahibidir. 1990-cı ilin avqustunda İraqın Küveytə müdaxiləsindən sonra BMT-nin Təhlükəsizlik Şurası bir neçə qətnamə qəbul etdi və bu təşkilatın üzvü olan və olmayan dövlətləri İraqdan daxil olan bütün vəsaitləri və digər maliyyə aktivlərini və iqtisadi resursları dondurmağa çağırdı. 2003-cü ilin noyabrında sanksiyalar komitəsinə tapşırıldı ki, keçmiş İraq rejiminin aparıcı üzvlərinin və onların yaxın qohumlarının siyahısını tərtib etsin və onlara və onların maraqları naminə və ya nəzarətləri altında hərəkət edən digər şəxslərə məxsus aktivlərin yerlərini müəyyənləşdirsin. Sanksiyalar komitəsi bu siyahıya ərizəçiləri də saldı. Daha sonra Təhlükəsizlik Şurası siyahıdan çıxarılma prosedurunu müəyyən edən qətnamə qəbul etdi. 1990-cı ilin avqustunda İsveçrə Federal Şurası keçmiş İraq hökumətinin və yüksək hökumət məmurlarının və onların nəzarət və ya idarə etdikləri hər hansı şirkətlərin və ya müəssisələrin aktivlərinin və iqtisadi resurslarının dondurulması tədbirlərinin tətbiqi barədə qərar çıxardı. Birləşmiş Millətlər Təşkilatının təqdim etdiyi məlumatlardan istifadə etməklə müvafiq aktivlərin siyahısını tərtib etmək Federal İqtisadiyyat Departamentinə həvalə edildi. Ərizəçilər 2004-cü ilin mayından siyahıya daxil edildilər. Daha sonra Federal Şura İraqın dondurulmuş aktivlərinin və iqtisadi resurslarının müsadirə olunması və İraqın İnkişafı Fonduna verilməsi barədə 30 iyun 2010-cu ilədək qüvvədə olan qərar qəbul etdi. Ərizəçilərin bildirdiyinə görə, İsveçrədəki aktivləri 1990-cı ilin avqustundan dondurulmuşdu və müsadirə qərarı 2004-cü ilin mayında qüvvəyə mindikdən sonra onların müsadirəsi ilə bağlı prosedurlar həyata keçirilirdi. Ərizəçilər avqust 2004-cü il tarixli məktubla səlahiyyətli orqandan xahiş etdilər ki, müsadirə prosedurlarını dayandırsın. Siyahıdan çıxarılmaları barədə BMT-nin sanksiyalar komitəsinə müraciətləri nəticə vermədiyinə görə ərizəçilər sentyabr 2005-ci il tarixli məktubla xahiş etdilər ki, müsadirə proseduru İsveçrədə davam etdirilsin. Ərizəçilərin etirazlarına baxmayaraq, İqtisadi Məsələlər üzrə Federal Departament onların aktivlərinin müsadirə olunması barədə qərar çıxardı və izah etdi ki, qərar qüvvəyə mindikdən sonra doxsan gün müddətində məbləğlər İraqın İnkişafı Fondunun bank hesabına köçürüləcək. O, qərarını əsaslandırarkən qeyd etdi ki, ərizəçilərin adları sanksiyalar komitəsi tərəfindən tərtib edilmiş şəxslərin və müəssisələrin siyahısında idi, o, İsveçrə Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə borclu idi və adlar İraqla bağlı qərara əlavə olunmuş siyahıdan yalnız sanksiyalar komitəsinin qərarı ilə çıxarıla bilərdi. Ərizəçilər qərarın ləğv edilməsi üçün Federal Məhkəməyə müraciət etdilər. Təxminən eyni məzmunlu üç qərarla onların şikayətləri mahiyyəti üzrə rədd edildi. Ərizəçilər siyahıdan çıxarılmaları üçün yeni vəsatət verdilər. 6 yanvar 2009-cu ildə onların vəsatəti rədd edildi.
Hüquqi məsələlər – 6-cı maddənin 1-ci bəndi
a) Konvensiyada nəzərdə tutulmuş təminatların və Təhlükəsizlik Şurasının qətnamələri ilə dövlətlərin üzərinə qoyulan öhdəliklərin birgə mövcudluğu – Konvensiya müəyyən fəaliyyət sahələrində əməkdaşlıq məqsədləri üçün iştirakçı dövlətlərin öz suveren hüquqlarını beynəlxalq təşkilata vermələrinə mane olmur. Bu cür hüquqi öhdəliklərini yerinə yetirmək üçün dövlətlərin atdıqları addımlara, əgər müvafiq təşkilatın ən azı Konvensiyanın təmin etdiyi müdafiəyə ekvivalent olan səviyyədə təməl hüquqları qoruduğu hesab edilərsə, haqq qazandırmaq mümkündür. Bununla belə, dövlətlər beynəlxalq hüquqi öhdəliklərindən kənara çıxan bütün hərəkətlərinə görə, xüsusən diskresion səlahiyyətlərindən istifadə etdikləri halda, Konvensiya əsasında məsuliyyət daşımaqda davam edirlər. Məhkəmənin icraatına verilmiş işlərin çoxu Avropa İttifaqı qanunvericiliyi ilə Konvensiyadan irəli gələn təminatlar arasındakı münasibətə aid olan ekvivalent müdafiə meyarına aiddir. Lakin Məhkəmə digər beynəlxalq təşkilatlar qarşısındakı öhdəliklərdən irəli gələn hərəkətlərin Konvensiyaya uyğunluğu məsələsi ilə əlaqədar olan situasiyaya bu meyarın tətbiqini heç vaxt istisna etməyib. Hazırkı iş ekvivalent müdafiə meyarı baxımından nəzərdən keçirilə bilər, xüsusən ona görə ki, Təhlükəsizlik Şurasının müvafiq qətnamələri sözügedən dövlətlərə öhdəliklərinin ardıcıl icrası ilə bağlı diskresion səlahiyyət vermirdi. Təhlükəsizlik Şurası tərəfindən tərtib edilmiş siyahıdan adlarının çıxarılması üçün ərizəçilərin "əlaqə subyektinə" müraciət etmələrinə imkan verən sistem Konvensiyanın tələb etdiyi müdafiəyə ekvivalent olan müdafiəni təmin etmirdi. Bundan başqa, sanksiyaların tətbiqi rejimindəki prosessual qüsurlar ölkə daxilindəki insan hüquqlarının müdafiəsi mexanizmləri vasitəsilə düzəldilə bilməzdi, belə ki, Federal Məhkəmə etiraz edilən tədbirləri mahiyyəti üzrə araşdırmaqdan imtina etmişdi. Beləliklə, ekvivalent müdafiə prezumpsiyası bu işə tətbiq edilə bilməz. Müvafiq olaraq, Avropa Məhkəməsi məhkəməyə müraciət etmək hüququ barədə şikayəti mahiyyəti üzrə araşdırmalıdır.
b) Məhkəməyə müraciət etmək hüququ ilə bağlı şikayətin araşdırılması – Aktivlərinin müsadirə olunmasına qarşı İsveçrə məhkəmələrinə şikayət etmək cəhdləri boşa çıxmış ərizəçilərin məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırılmışdı. Bu məhdudiyyət qanuni məqsəd daşıyırdı, yəni sülhün və beynəlxalq təhlükəsizliyin qorunmasına yönəlmişdi. Aktivlərinin müsadirə olunmasına qarşı ərizəçilərin şikayətlərinə baxmaqdan Federal Məhkəmə də daxil olmaqla milli məhkəmələrin imtina etmələri sözügedən qətnamədən irəli gələn öhdəliklərin ölkədaxili səviyyədə səmərəli icrasını təmin etmək istəyindən qaynaqlanırdı. Aktivlərin dondurulmasını və müsadirəsini nəzərdə tutan qətnamə hər hansı real terror təhlükəsinə cavab olaraq qəbul edilməmişdi və İraq hökumətinin müstəqilliyini və suverenliyini bərpa etmək və İraq xalqının öz siyasi gələcəyini sərbəst surətdə müəyyənləşdirmək və təbii resurslarına nəzarət etmək hüququnu təmin etmək məqsədini daşıyırdı. Müvafiq olaraq, etiraz edilən tədbirlər 1990-cı ildə başlanmış silahlı münaqişənin ardınca qəbul edilmişdi. Beləliklə, daha çox diferensiasiya olunan, konkret hədəfə yönələn tədbirlər, güman ki, qətnamələrin səmərəli icrasına daha çox şərait yaratmış olardı. Bundan başqa, ərizəçilərin aktivləri 1990-cı ildə dondurulmuş, onların müsadirəsi barədə qərar isə 16 noyabr 2006-cı ildə qəbul edilmişdi. Müvafiq olaraq, hətta müsadirə qərarı hələ icra olunmasa belə, ərizəçilər uzun müddət ərzində aktivlərindən istifadə etmək imkanından məhrum olmuşdular. Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinə əsasən ərizəçilər bu tədbirlərə milli məhkəmə tərəfindən baxılması hüququna malik idilər. Federal Məhkəmə qərarında bildirmişdi ki, 1730 (2006) saylı qətnamədə yer alan müsbət xarakterli dəyişikliklərə, o cümlədən siyahıdan çıxarılma barədə vəsatətlərin verilməsi üçün əlaqə subyektinin yaradılması barədə müddəaya uyğun olaraq sanksiyalar komitəsinə siyahıdan çıxarılması barədə yeni vəsatət verməsi üçün birinci ərizəçiyə qısamüddətli vaxt vermək vəzifəsi səlahiyyətli orqanın üzərinə düşür. Lakin həmin vəsatət 6 yanvar 2009-cu ildə rədd edilmişdi.
Müvafiq olaraq, BMT səviyyəsində hər hansı səmərəli və müstəqil məhkəmə nəzarəti mövcud olmadan fərdlərin və qurumların bu təşkilatın siyahılarına daxil edilməsinin qanuni sayılması üçün həmin fərdlərin və qurumların sanksiyalar rejiminin tətbiqi zamanı qəbul edilmiş hər hansı tədbirlərin araşdırılması üçün milli məhkəmələrə müraciət etmək imkanına malik olması mühüm əhəmiyyət daşıyırdı. Ərizəçilərin sərəncamında bu cür araşdırma üçün müraciət etmək imkanı olmadığına görə onların məhkəməyə müraciət etmək hüququnun mahiyyətinə xələl gətirilmişdi.
Nəticə: pozuntu baş verib (üç səsə qarşı dörd səslə),
Maddə 41: ziyanla bağlı tələb rədd edildi.
(Həmçinin bax: Nada İsveçrəyə qarşı [BP], ərizə № 10593/08, 12 sentyabr 2012-ci il, 155 saylı məlumat bülleteni; və Əl-Ciddə Birləşmiş Krallığa qarşı [BP], ərizə № 27021/08, 7 iyul 2011-ci il, 143 saylı məlumat bülleteni)